Kanadanın Toronto şəhərində şahmatçıların İddiaçılar turnirinə start verilib.
Yarışda ölkəmizi Nicat Abasov təmsil edir. Qrosmeysterimiz ilk turda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Görüş 34-cü gedişdə yekunlaşıb. Şahmatçılar xalı yarı bölüblər. 8 qrosmeysterin 2 dövrədən ibarət mübarizəsi aprelin 22-də yekunlaşacaq. Yarışın qalibi Şahmat Tacı uğrunda çinli dünya çempionu Dinq Lirenlə üz-üzə gələcək. Turnirin ümumi mükafat fondu 500 min avrodur. Yarışı ilk pillədə başa vuran şahmatçı 48 min avro əldə edəcək.