Bu gün Sinqapurda Dünya Şahmat Tacı uğrunda seriyaya start verilir.
Hazırkı çempion çinli Dinq Lirenlə hindistanlı gənc istedad Dommaraccu Qukeş 14 klassik partiya qarşılaşmasında üz-üzə gələcək. İlk olaraq 7,5 xal toplayan idmançı çempion olacaq. 14 partiyadan sonra qalib müəyyənləşməsə, çempionun adına tay-brekdən sonra aydınlıq gələcək. Şahmat tarixində ən gənc namizəd olan 18 yaşlı Qukeş hazırda dünya reytinqində 5-ci sırada qərarlaşır. İddiaçılar turnirində 5 qələbə, 8 heç-heçə və 1 məğlubiyyətlə yadda qalan Dommaraccu 9 xal toplayaraq Lirenlə oynamaq imkanı əldə edib.O bu il Şahmat Olimpiadasında Hindistan millisinin çempion olmasında da böyük rol oynayıb. Dinq Liren isə Şahmat Tacının sahibi kimi titulunu qorumağa çalışacaq. O, 2023-cü ildə rusiyalı Yan Nepomnyaşiyə qalib gələrək bu turnirin qalibi olan ilk çinli zəka sahibi kimi adını tarixə yazdırıb. Yeri gəlmişkən, Liren şəxsi görüşlərdə Dommaraccudan 2,5:1,5 hesabı ilə üstündür. İndiki vəziyyətdə aşkar favorit yoxdur. Sabiq dünya çempionu Maqnus Karlsenin firkincə, Qukeş erkən üstünlük əldə edərsə, çempionluğu qazanmaq onun üçün daha asan olacaq. Lakin oyunlar bərabərliklə davam edərsə, təcrübəli Dinq üstünlük qazana bilər.