Azərbaycan Premyer Liqasının daha 3 komandasının qış hazırlıq planı müəyyənləşib. Fasiləyə 3-cü pillədə yollanan “Turan Tovuz” toplanışı Türkiyənin Antalya şəhərində keçirəcək. Tovuz təmsilçisi ayın 4-də qardaş ölkəyə yollanacaq. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Kəmər bölgəsində məskunlaşacaq. Komandanın əcnəbi futbolçuları düşərgəyə Antalyada qoşulacaqlar. Tovuzlular toplanış çərçivəsində 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Komanda hazırlığını ayın 13-dək davam etdirəcək.
“Sabah” qış təlim-məşq toplanışını paytaxtda keçəcək. Komanda yanvarın 4-də bir araya gələcək. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda toplanış müddətində bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Paytaxt təmsilçisi yanvarın 12-də, Masazır qəsəbə stadionunda “Şamaxı” ilə üz-üzə gələcək. Komanda Şüvəlanda yerləşən “Sabah” Futbol Mərkəzində hazırlaşacaq.
Paytaxtda toplanış keçəcək komandalardan biri də “Səbail”dir. Çempionatın autsayderi hazırlığı Bayıl Arenada keçirəcək. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv yanvarın 3-də bir araya gələcək. Komanda ayın 14-dək hazırlığı yekunlaşdıracaq. Bayıl təmsilçisi toplanış ərzində bir yoxlama görüşü keçirəcək. Rəqib “Araz Naxçıvan” kollektivi olacaq. Qarşılaşma yanvarın 11-də reallaşacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının digər iştirakçıları da qış hazırlığını Bakıda keçirəcək.