Basketbol üzrə Azərbaycan çempionatında 8-ci tura yekun vurulub.
Gəncədə B qrupunda liderlik uğrunda mübarizə aparan komandalar üz-üzə gəlib. Bu tura qədər doğma meydanda məğlub olmayan şəhərin eyniadlı komandası “Ordu” basketbolçuları ilə bacarmayıb. Hərçənd ilk hissədə “Gəncə” daha inamlı təsir bağışlayıb. Bunun məntiqi nəticəsi kimi Halil Atlının komandası fasiləyə 5 xal fərqilə üstün yollanıb. İkinci hissədə qonaqlar vəziyyəti xeyrinə dəyişib. Son bölümdə “Gəncə” fəallığı artırsa da, məğlubiyyətdən xilas ola bilməyib: Gəncə - Ordu 77:79. Görüşün ən məhsuldar oyunçusu Ceylen Tomas olub. “Ordu” klubunun amerikalı üzvü meydanı 19 xalla tərk edib.
Turun son oyununda isə “Sumqayıt”la “Şəki” qarşılaşıb. İlk dövrədə bu rəqibinə 40 xal fərqilə məğlub olan “gənclik şəhəri”nin basketbolçuları bu dəfə də rəqibinə ciddi müqavimət göstərə bilməyib. Hərçənd ilk hissəni 4 xal fərqilə geridə başa vurmasına baxmayaraq, Vadim Kuramşının komandası heç də pis təsir bağışlamayıb. Amma fasilədən sonra Saadettin Donatın fol problemi ilə üzləşməsi “Sumqayıt”ı çətin vəziyyətə salıb. Rəqibin mərkəz oyunçusunun kənara çəkilməsindən istifadə edən qonaqlar 3-cü perioddan etibarən fərqi artırıb: Sumqayıt – Şəki 66:89. 8 turdan sonra B qrupuna hərəyə 14 xal toplayan “Gəncə” ilə “Şəki” başçılıq edir. 3-cü pillədə qərarlaşan “Ordu”nun 13 xalı var.