Basketbolçuların Avroliqa yarışında 16-cı tura yekun vurulub.
“İdman TV” ilə yayımlanan matçda “Anadolu Efes” “Sinan Erdem” İdman Salonunda “Srvena Zvezda”nı qəbul edib. İlk periodda qonaqlar Türkiyə təmsilçisinə çətin anlar yaşadıb. Amma Tomislav Miyatoviçin komandası fasiləyə qədər fərqi 6 xala qədər endirib. İkinci hissə tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Artıq üçüncü perioddan hesabda önə çıxan qardaş ölkənin komandası sonda azarkeşlərini sevindirə bilib: Anadolu Efes – Srvena Zvezda 89:67. Görüşün ən məhsuldar oyunçuları Elayca Brayantla Daniel Oturu olub. “Efes”in basketbolçuları hərəyə 17 xal toplayıb. Kanalımızda yayımlanan digər oyunda da senssasiya qeydə alınmayııb. Hərçənd Pireydə “Virtus Bolonya” ilə qarşılaşan “Olimpiakos” ilk hissədə rəqibinin ciddi müqaviməti ilə üzləşib. Xüsusən də ikinci bölümdə inamsız oyun sayəsində Georgios Bartsokasın komandası hesabda geriyə düşüb. Amma fasilədən sonra Yunanıstan klubu favorit statusunu doğruldub. Nəticədə “Virtus Bolonya”dan 87:77 hesabı ilə üstün olan “Olimpiakos” ardıcıl 2 məğlubiyyətdən sonra qələbə qazanıb. “Olimpiakos”un heyətində 27 xal toplayan Aleksander Vezenkov komandasının qələbəsində böyük pay sahibi olub. 16 turdan sonra “Monako” ilə “Paris” hərəyə 11 qələbə ilə liderliyi bölüşür. Hərəyə 10 qələbə qazanan “Olimpiakos”, “Jalgiris”, “Bayern” və “Fənərbağça” müvafiq olaraq 3-6-cı sıraları bölüşür.