Basketbol üzrə Azərbaycan çempionatının 7-ci turunda A qrupunun lideri “Sabah” autsayder “Neftçi” ilə üz-üzə gəlib. İlk 6 oyunun hamısında qalib gələn “Sabah” basketbolçuları bu qarşılaşmaya kimi bütün görüşlərdə uduzan rəqibləri ilə oyunda ciddi müqavimətlə üzləşiblər. Hərçənd ki, ilk period Rimas Kurtinaytisin komandasının üstünlüyü ilə bitib - 23:18. Amma fasiləyə kimi “Neftçi” basketbolçuları 5 xallıq fərqi aradan qaldıra biliblər. Nəticədə hər iki tərəf fasiləyə bərabərliklə yollanıblar. 3-cü periodda ilk hissədən fərqlənməyib. Yenə “Sabah” 5 xal fərqi ilə önə keçib. Amma sonuncu hissədə “Neftçi” basketbolçularının əzmkarlığı sensasiyaya səbəb olub. Yekunda komanda 71:66 hesabı ilə qalib gələrək ardıcıl 6 məğlubiyyətdən sonra mövsümdə ilk qələbəni lider üzrərində qazanıb. İlk dəfə uduzan “Sabah” hazırda 13 xalla “Naxçıvan”la bərabər A qrupuna başçılıq edir. “Neftçi” isə NTD ilə bərabər 8 xalla qrupun autsayderidir.