Basketbolçuların Avroliqa yarışında 16-cı tura yekun vurulub.
İlk oyun günündə keçirilən hər iki oyun “İdman TV” ilə canlı yayımlanıb. Günün ilk oyununda Afinada “Panatinaikos”la “Baskoniya” qarşılaşıb. Ötən ev oyununda “Olimpiya Milano”nu darmadağın edən Yunanıstan təmsilçisi bu dəfə “Baskoniya”ya heç bir şans verməyib. İlk perioddan təşəbbüsü ələ alan Ergin Atamanın komandası fasiləyə 16 xal fərqi ilə üstün olub. İkinci hissə də “Panatinaikos”un nəzarəti altında keçib. Amma 3-cü periodda “Pao”nun liderlərindən biri olan Mattias Lessortun ağır zədə alaraq meydanı tərk etməsi nəticəsində oyun bir qədər dayanıb. Buna baxmayaraq, “Pao” basketbolçuları özündə güc taparaq matçı davam etdirə bilib: Panatinaikos – Baskoniya 104:69. Görüşün ən məhsuldar oyunçusu Kendrik Nann olub. Afina klubunun amerikalı üzvü meydanı 26 xalla tərk edib.
2 gün əvvəl Fransada çempionatın lideri “Paris”i məğlub edən “Real Madrid” bu dəfə zirvə uğrunda mübarizə aparan “Monako”dan üstün olub. Çus Mateonun komandası ilk dəqiqələrdən məhsuldar oyun sərgiləyərək qonaqları çətin vəziyyətə salıb. Xüsusən də Fakundo Kompatso ilə Mario Hezonyanın oyuna daxil olmasından sonra “Real” üstünlüyü ələ alıb. Yekunda “Monako”nu 94:72 hesabı ilə məğlub edən “Real Madrid” rəqibinin ardıcıl 3 matçlıq qələbə seriyasına son qoyub. Yeri gəlmişkən, turun ilk oyun günündə keçirilməli olan “Paris” – “Fənərbağça” qarşılaşması meydan sahiblərinin heyətində müxtəlif səbəblərdən yetərli sayda basketbolçu olmamasına görə təxirə salınıb.