Formula 1 üzrə dünya çempionatında mübarizə aparan “Red Bull” komandası Serxio Pereslə yollarını ayırıb.
Bu mövsüm meksikalı pilotun imkanlarından aşağı səviyyədə çıxış etməsi Avstriya komandasının belə bir qərar qəbul etməsinə səbəb olub. Xatırladaq ki, Peres 2021-ci ildən “Red Bull”un heyətində çıxış edirdi. O, karyerası ərzində 282 yarışda iştirak edib və 39 dəfə fəxri kürsüyə yüksəlib. Bu mövsüm Peres pilotların yarışında 152 xal toplayaraq 8-ci yerə çıxıb. Onun komanda yoldaşı Maks Ferstappen isə ardıcıl 4-cü dəfə dünya çempionu olub. Qərar açıqlandıqdan sonra Serxio mətbuata açıqlamasında 4 ildə ona belə imkan yaratdığına görə “Red Bull”a təşəkkür etdiyini söyləyib. Komandanın rəhbəri Kristian Horner də bu müddət ərzində onların 2 dəfə Mühəndislər Kubokunu qazanmasında Peresin böyük rolunun olduğunu söyləyib. Serxionun atası Antonio Peres Qaribay isə daha emosional çıxışı ilə yadda qalıb. O, oğlunun artıq Formula 1-də çıxış etməyəcəyini, ümumiyyətlə heç bir B planlarının olmadığını söyləyib. “Red Bull”un isə yeni pilotla bağlı planları var. Avropa mətbuatının məlumatına görə, yaxın günlərdə Avstriya komandası RB kollektivindən Liam Lousonla müqavilə imzalayacaq. Yola saldığımız mövsüm yeni zelandiyalı gənc pilot 4 xal toplayaraq yekunda 21-ci pilləni tutub.