"Maklaren" 26 ildən sonra Mühəndislər Kubokunu qazandı

9 Dekabr, 12:20 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatında 2024-ci il mövsümü başa çatıb.
İlin  son son yarışı Əbu Dabidə keçirilib. 2 yarış əvvəl çempion müəyyənləşdiyindən bütün diqqətlər Mühəndislər Kubokundankı rəqabətə yönəlmişdi. Yas Marina avtodromunda isə “Maklaren” daha üstün vəziyyətdə idi. Böyük Britaniya komandası ona bəslənilən ümidləri doğrulda bilib. Təsnifat mərhələsində poulu ələ keçirən bu komandanın üzvü Lando Norris sona qədər üstünlüyünü qoruya bilib. Britaniyalı yarış iştirakçısı 58 dövrəni 1 saat 26 dəqiqə 33,2 saniyəyə qət edərək bu mövsüm 4-cü qələbəsini qazanıb. Sonrakı iki pilləni isə “Ferrari” pilotları tutub. Karlos Sayns liderdən 5,8, Şarl Lekler isə 31,9 saniyə geridə qalıb. Amma fəxri kürsüdə 2 pilləni tutmasına baxmayaraq, “Ferrari” Mühəndislər Kubokuna sahib çıxa bilməyib. “Maklaren” isə 1998-ci ildən etibarən ilk dəfə bu mükafata yiyələnib.  Yeri gəlmişkən, “Mersedes”də sonuncu yarışını keçirən 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yeri tutub. Bir müddət əvvəl 4-cü çempionluğunu rəsmiləşdirən “Red Bull” pilotu Maks Ferstappen bu dəfə 6-cı yeri tutub. Niderlandlı ümumilkdə mövsümü 437 xalla başa vurub. 2-ci yerə Lando Norris sahib çıxıb. Britaniyalı 374 xal yığıb. Şarl Lekler isə 356 xalla 3-cü olub. Mühəndislər Kubokunda isə 666 xal toplayan “Maklaren”i 652 xalla “Ferrari” izləyib. 3-cü yeri tutan “Red Bull” isə mövsümü 589 xalla bitirib.

CANLI YAYIM