FİFA-nın “The Best” mükafatının qalibləri açıqlanıb.
Qətərin paytaxtı Dohada keçirilən mərasimdə 2024-cü ilin ən yaxşı futbolçusu adına Vinisus Juniyor layiq görülüb. “Real”ın və Braziliya millisinin hücumçusu 48 xal toplayıb. “Mançester Siti” və İspaniya millisinin üzvü Rodri 43 xalla ikinci, “Real” Madrid və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem isə 37 xalla 3-cü olub. Mükafatın ötənilki qalibi Lionel Messi 6-cı yeri tutub. Argentinalı ulduz 25 xal toplayıb. Ən yaxşı baş məşqçi nominasiyasında Madrid “Real”ının çalışdırıcısı Karlo Ançelotti qalib gəlib. İngiltərənin “Aston Villa” klubundan Emiliano Martines ilin ən yaxşı qapıçısı seçilib. İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Alexandro Qarnaçonun qolu isə 2024-cü il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb. Argentinalı hücumçu “The Best FIFA Football Awards” tədbirində mükafatlandırılıb. O, ötən il Premyer Liqada “Everton”la matçda vurduğu qola görə təltif edilib. Qeyd edək ki, “The Best” mükafatı futbolçuların 2023-ci ilin 21 avqustundan 2024-cü ilin 10 avqustuna qədər göstəricilərini nəzərə alır. Qalib yığmaların kapitanları və baş məşqçiləri, azarkeşlər və media nümayəndələri tərəfindən seçilir.