"Qarabağ" və "Turan Tovuz" qələbə qazandı

7 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Misli Premyer Liqasının 9-cu turunda daha 2 qarşılaşma keçirilib. Yüksək pillələr uğrunda yarışan “Zirə” səfərdə “Turan Tovuz”un qonağı olub. Qarşılaşmanın əvvəlindən hər iki tərəf sürətli hücumlarla yadda qalsa da hesab açılmayıb. Fasilədən sonra təşəbbüsü ələ alan Tovuz klubu bir neçə epizodda rəqibə təhlükəli anlar yaşadıb. Qarşılaşmanın sonlarında rəqibi müdafiəyə çəkilməyə məcbur edən meydan sahibləri nəhayət istəyinə nail olub. 89-cu dəqiqədə Faiq Hacıyev “Turan Tovuz”un qələbəsində əsas pay sahibi olub: “Turan Tovuz” – “Zirə” 1:0.
“Sumqayıt” isə 9-cu turda Mehdi Hüseynzadə adına Stadionda “Qarabağ”I qəbul edib. İlk hissədə meydan sahibləri güclü rəqibi qarşısında layiqli müqavimət göstərib. Qurban Qurbanovun ikinci hissədəki əvəzetmələri hesabın dəyişməsinə səbəb olub. 73-cü dəqiqədə meydana yenicə daxil olan Elvin Cəfərquliyev 1 dəqiqə sonra topa ilk toxunuşunu qola çevirib. Qalan vaxtda hesab dəyişməyib. Qarşılaşma bu hesabla başa çatıb: “Sumqayıt” – “Qarabağ” 0:1.
Beləliklə, aktivində 21 xalı olan və 1 oyun az keçirən “Qarabağ” yarış cədvəlinin lideridir. 9 turdan sonra aktivində 18 xalı olan “Turan Tovuz” ikinci, Qərb təmsilçisindən 1 xal az toplayan “Araz Naxçıvan” isə üçüncüdür.

CANLI YAYIM