"Fənərbağça" və "Anadolu Efes" turu məğlubiyyətlə başa vurdu

16 Oktyabr, 13:40 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 3-cü tura start verilib.
İlk iki matçda qalib gələn “Fənərbağça” ilə “Srvena Zvezda” İstanbulda üz-üzə gəlib. İlk periodda 12 xal toplayan Türkiyə təmsilçisi sonrakı bölümlərdə də məhsuldarlıq nümayiş etdirə bilməyib. Fasiləyə 7 xal fərqilə geridə yollanan “sarı lacivərdlilər” ikinci hissədə də imkanlarından aşağı səviyyədə çıxış edib.  Nəticədə “Srvena Zvezda”ya 57:76 hesabı ilə məğlub olan “Fənərbağça” bütün turnirləri nəzərə alsaq, ardıcıl 4 qələbədən sonra uğursuzluq yaşayıb. Bununla yanaşı, “Fənər” ardıcıl 4-cü dəfə Belqrad klubuna uduzub. Belqraddan söz düşmüşkən, Serbiyanın paytaxtında “Makkabi Təl-Əviv”lə qarşılaşan “Anadolu Efes” də azarkeşlərini sevindirə bilməyib. Tomislav Miyatoviçin komandası matçın sonlarına qədər rəqibinə ciddi müqavimət göstərsə də, final sirenasına 3,1 saniyə qalmış Ceylon Hoardın qarşısını kəsə bilməyincə məğlubiyyətlə üzləşib: Makkabi Təl-Əviv – Anadolu Efes 93:91.
Bu tur hazırkı çempion “Panatinaikos”la son finalçı “Real Madrid” üçün də uğursuz yekunlaşıb. Afina təmsilçisi Fransada “Paris”ə 80:84 hesabı ilə məğlub olub. İspaniya çempionu isə səfərdə “Baskoniya”ya 72:76 hesabı ilə uduzub. Günün digər oyunlarında “Alba Berlin” “Lion Villerban”dan “Olimpiakos” “Olimpiya Milano”dan, “Jalgiris” “Virtus Bolonya”dan və “Partizan” “Bayern”dən üstün olub. Bu gün “Barselona” – “Monako” oyunu ilə 3-cü tura yekun vurulacaq. 

CANLI YAYIM