2026-cı ildə keçiriləcək Dünya çempionatının seçmə mərhələsində hazırki çempion Argentina növbəti görüşdə Bolivya millisini qəbul edib. Görüş məhsuldarlığı ilə diqqət çəkib. Matç ərzində təşəbbüsü əldən verməyən meydan sahibləri rəqib qapısından 6 cavabsız top keçirib. Lionel Messi het-trik edib. Ulduz futbolçunun daha iki məhsuldar ötürmə ilə də yadda qaldığı mübarizədə yerdə qalan 3 qolu Lautaro Martines, Xulian Alvares və Tyaqo Almada vurub: Argentina-Bolivya 6-0
Qeyd edək ki, görüşün əsas qəhrəmanı Leonel Messi milli komandada vurduğu qolların sayını 112-yə çatdırıb. O bu nəticə ilə bombardirlər siyahısında Kristiano Ronaldodan geri qalır. Portuqaliyalı ulduzun aktivində 133 qolu var.
Günün daha bir maraqlı görüşündə Braziliya və Peru kollektivləri üz-üzə gəliblər. Bu qarşılaşmada da meydan sahibləri böyük hesablı qələbə qazanıblar. Braziliyanın heyətindən Rafinya iki dəfə penaltidən fərqlənməklə diqqət mərkəzinə düşüb. Daha iki qolu isə Andreas pereyra və Luiz Henrike qonaqların qapısından keçiriblər. Braziliya- Peru 4-0
Qeyd edək ki, Argentina millisi turnir cədvəlində 10 oyundan sonra 22 xalla birinci pillədə qərarlaşıb. Kolumbiya 19 xal ikinci, 16 xalı olan Uruqvay və Braziliya müvafiq olaraq 3-cü və 4-cü yerdədirlər.