Yeni formatlı UEFA Avropa Liqasında ilk turun qarşılaşmaları keçirilib.
Təmsilçimiz “Qarabağ” Londonda “Tottenhem” komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın ilk dəqiqələrində meydan sahibləri azlıqda qalıblar. Radu Draqusin birbaşa qırmızı vərəqə ilə cəzalanaraq meydandan çıxarılıb. Amma 4 dəqiqə sonra “Tottenhem” klubu hesabı açıb. Brennan Conson yerli azarkeşləri sevindirib. Fasiləyə minimal hesabla geridə yollanan Ağdam klubu ikinci hissəyə daha fəal başlayıb. Lakin komandamızın hücumları öz bəhrəsini verməyib. 52-ci dəqiqədə fərq iki topa yüksəlib. Pap Matar Sar fərqlənib. Az sonra Qurban Qurbanovun yetirmələri fərqi azaltmaq üçün əla fürsət əldə ediblər. Lakin təyin olunan penaltini Toral Bayramov dəqiq yerinə yetirə bilməyib. Çox keçmədən rəqib yenidən fərqlənib. Dominik Solanke mübarizəyə nöqtə qoyub. “Tottenhem” – “Qarabağ” 3:0.