Bu gün UEFA Avropa Liqasında yeni mövsümün Liqa mərhələsi başlayır.
İlk oyun günündə 9 görüş olacaq. Çempionlar Liqasında olduğu kimi qarşılaşmalardan 2-si saat 20:45-də başlanır. Bunlar “Alkmaaar” – “Elfsborq” və “Budo Qlimt” – “Portu” matçlarıdır. Digər 7 görüş isə saat 23-də start götürəcək. Bu oyunlar içərisində ən diqqət çəkəni “Qalatasaray” – PAOK qarşılaşmasıdır. Ölkəmizdə də kifayət qədər azarkeşi olan Türkiyə çempionunun görüşü maraqla gözlənilir. İstanbul klubu hazırda Türkiyə super liqasında maksimum nəticə ilə irəliləyir. Komandanın son matçda derbidə əzəli rəqibi “Fənərbağça”ya səfər görüşündə qalib gəlməsi heyətdə əhval ruhiyyəni daha da artırıb. Xatırladaq ki, “Qalatasaray” mübarizəyə UEFA Çempionlar Liqasında başlasa da, pley-off mərhələsində “Yanq Boys” səddini keçə bilməmişdi. Premyer Liqada qeyri sabit çıxışı ilə diqqət çəkən “Mançester Yunayted” isə Avropa Liqasında mübarizəyə “Old Trafford”da başlayacaq. Mankunyanlar ilk oyunda “Tvente”ni qəbul edəcəklər. Günün digər qarşılaşmalarına gəldikdə, bunlar
“Anderlext” – “Ferentsvaroş”, “Dinamo Kiyev” – “Latsio”, “Ludoqorets” – “Slaviya Praqa”, “Midtyülland” – “Hoffenhaym” və “Nitsa” – “Real Sosyedad” matçlarıdır. Qeyd edək ki, 36 komandalı liqa mərhələsidə hər bir komanda 4-ü doğma arenada 4-ü isə səfərdə olmaqla 8 matç keçirəcək. Yekunda ilk 8-lik birbaşa 1/8 finala adlayacaq. Növbəti 16 komanda isə 1/8 final üçün pley-off oyunları keçirəcək.