"Sabah" "Səbail"i, "Zirə" "Sumqayıt"ı səfərdə məğlub edib

23 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 7-ci turunda “Səbail” doğma arenada “Sabah”ı qəbul edib.
Meydan sahibləri görüşə yaxşı başlayıblar və artıq 4-cü dəqiqədə hesabı açıblar. Amir Bilali ilk qolun müəllifi olub. Amma cəmi 4 dəqiqə sonra tarazlıq bərpa olunub. Coy Lens Mikels qapını dəqiq nişan alıb. 21-ci dəqiqədə “Sabah” hesabda önə keçib. İvan Lepiniça hədəfdən yayınmayıb. Az sonra qonaqlar daha bir qol vurublar. Cessi Sekidika topu qapıdan keçirib. Hissənin sonunda Rüfət Abdullazadə “Səbail” azarkeşlərini ümidləndirib. Amma fasilədən sonra Pavol Şafranko bu ümidləri puç edib. 4-2 hesabı ilə qalib gələn Sabah son 5 turda 4-cü qələbəsini əldə edib. Komanda 14 xalla “Turan Tovuz”la bərabər yarış cədvəlində 2-ci 3-cü yerləri bölüşdürür. Bu iki komanda 1 oyun az keçirən lider “Qarabağ”dan 1 xal geri qalır. Ardıcıl 3-cü məğlubiyyəti ilə üzləşən “Səbail” 4 xalla 8-ci yerdədir.
7-ci tura “Sumqayıt”da yekun vurulub. Şəhərin eyni adlı komandası “Zirə” ilə üz-üzə gəlib. Qonaqlar hər hissədə 1 qol vurmaqla qələbə qazanıblar. Hər iki halda Rafael Utziq topu qapıdan keçirib. 2:0 hesabı ilə qalib gələn “Zirə” 12 xalla yarış cədvəlində 5-ci pilləyə yüksəlib. Ardıcıl 4-cü  dəfə uduzan “Sumqayıt” isə 6 xalla 7-cidir.

CANLI YAYIM