Bu gün UEFA Çempionlar Liqasında yeni mövsüm başlanır.
36 komandalı yeni formatda keçiriləcək turnirdə oyunlar həmişə olduğu kimi 2 gün deyil 3 gün ərzində olacaq. 1-ci turun 18 oyunu barabər şəkildə günlərə bölünüb. Xatırladaq ki, Liqa mərhələsində bütün komandalar 4-ü doğma arenada 4-ü səfərdə olmaqla 8 oyun keçirəcəklər. yekundailk 8-lik birbaşa 1/8 finala adlayacaq. Digər 16 komanda isə 1/8 final üçün pley-off oyunlarında üz-üzə gələcəklər. bu gün ilk turun 6 oyunu olacaq ki, onlardan da 2-si saat 20:45-də start götürəcək. “Yuventus” doğma arenada PSV-ni, “Yanq Boys” isə “Aston Villa”nı qəbul edəcək. Digər 4 qarşılaşma isə saat 23:00-a təyin olunub. Təbii ki, günün ən diqqət çəkən qarşılaşması “Milan” – “Liverpul” görüşüdür. “Real Madrid”dən sonra turnirdə ən çox çempion olan bu iki komandanın qarşılaşması turnirin klassikalarından sayılır. “Milan” – “Liverpul” oyunu dedikdə ilk olaraq məşhur istanbul finalı yada düşür. İndiki məqamda “Liverpul” səfərdə oynamasına baxmyaraq favorit hesab edilir. Xatırladaq ki, prinsipial rəqiblər sonuncu dəfə 3 il əvvəl Çempionlar Liqasında qarşılaşıblar. Qrup mərhələsinin hər iki görüşündə mersisaydlılar qələbə qazanmışdılar. Ümumiyyətlə sonuncu dəfə 2007-ci ildə Finalda “Liverpul”u məğlub edən “Milan” həmin matçdan rəqibi ilə 5 dəfə üz-üzə gəlib və hamısında uduzub. Turnirin hazırki qalibi, eyni zamanda bu kuboku 15 dəfə qazanmaqla öz rekordunu ildən ilə yeniləyən “Real Madrid”də mübarizəyə bu gün başlayır. “Kral Klubu” “Santyaqo Bernabeu”da “Ştutqart”ı qəbul edəcək. Bu matçda ispaniya çempionunun yeni transferlərindən Kilyan Mbappenin “Real Madrid”in heyətində Çempionlar Liqasında debütü baxımında da maraq doğurur. Turnirin daha bir titullu komandası “Bayern Münxen” də mövsümə doğma arenada başlayır. Vensan Kompaninin baş məşqçi kimi Çempionlar Liqasında debütü “Dinamo Zaqreb”lə oyuna təsadüf edir. Günün daha bir oyunu isə Lissabonda olacaq. “Spotinq” azarkeşləri önündə “Lill”i qəbul edəcək.