İngiltərə premyer liqasında 4-cü tur yekunlaşıb.
Şimali London derbisində “Tottenhem” və “Arsenal” üz-üzə gəlib. Gərgin mübarizənin ilk hissəsində 7 futbolçu sarı vərəqəylə cəzalanıb. Matçın taleyini həll edən yeganə qol isə 64-cü dəqiqədə vurulub. Küncdən zərbə zamanı Bukayo Sakanın ötürməsindən sonra Qabriel topu başla qapıdan keçirib. Beləliklə “Arsenal” derbidə minimal hesabla qalib gələrək 4-cü oyunda 3-cü qələbəni qazanıb.
“Vulverhempton” – “Nyukasl” qarşılaşmasında qonaqlar dönüş edərək qalib gəliblər. 36-cı dəqiqədə meydan sahiblərinin heyətində Mario Lemina fərqlənib. Fasiləyədək hesab dəyişməyib. 75-ci dəqiqədə Fabian Şör uzaq məsafədən dəqiq zərbəylə tarazlığı bərpa edib. 5 dəqiqə sonra Harvi Barns daha bir gözəl qolla “Nyukasl”ı önə çıxararaq komandasının 2:1 hesablı qələbəsini təmin edib. Bununla “sağsağanlar” da “Arsenal” kimi xallarının sayını 10-a çatdıraraq “topçular”dan sonra 3-cü yerə yüksəlib. Turnir cədvəlinə 4 oyunda maksimum nəticə göstərərək 12 xalı toplayan “Mançester Siti” qərarlaşıb. Yeni mövsümdə qələbə qazana bilməyən “Vulverhempton” 1 xalla 18-cidir.