Olimpiada ərəfəsində millilər yoldaşlıq oyunları keçirir

17 İyul, 12:20 Sosial mediada paylaşın:
Paris Olimpiadasına hazırlıq məqsədilə dünyanın aparıcı basketbol milliləri növbəti yoxlama oyunlarını keçirib.
Ötən gün Əbu-Dabinin “Etihad” arenasında Amerika Birləşmiş Ştatları yığmasına 92:98 hesabı ilə məğlub olan Avstraliya millisi bu dəfə Serbiya seçməsi ilə qarşılaşıb. İlk hissə bərabər mübarizə şəraitində keçib. Hərçənd avstraliyalılar yalnız fasilə ərəfəsində hesabda geriyə düşüb – 39:40. 3-cü periodda da komandalar eyni səviyyədə çıxış edib. Buna baxmayaraq, matçın sonlarına yaxın “yaşıl qitə”nin təmsilçiləri Balkan komandasının ardıcıl top itkilərindən yararlanaraq fərqi artırıb. Nəticədə Serbiya millisini 84:73 hesabı ilə məğlub edən Avstraliya yığması ardıcıl 4-cü yoldaşlıq görüşündə 3-cü qələbəsini qazanıb. Matçın ən məhsuldar oyunçusu isə Avstraliyanın 35 yaşlı müdafiəçisi Patti Mills olub. “Mayami Hit”in üzvü meydanı 28 xalla tərk edib. “Denver Naqqets”də çıxış edən Serbiya millisinin lideri Nikola Yokiç isə 14 xal və 14 ribaundla yadda qalıb.
Yunanıstan – Puerto Riko arasındakı görüş də maraqlı mübarizə şəraitində keçib. Matçın sonlarına qədər latın amerikalılar inamlı çıxışı ilə diqqət çəksə də, Balkan təmsilçisi vəziyyəti xeyrinə dəyişə bilib.  Xüsusən də, 18 xal toplayan “Panatinaikos”un forvardı Kostas Mitoğlu komandasının qələbəsində böyük pay sahibi olub: Yunanıstan – Puerto Riko 67:65.

CANLI YAYIM