Basketbol üzrə Avroliqada 2-ci turun oyunları davam edir.
Günün ən prinsipial matçında “Anadolu Efes”lə “Fənərbağça” üz-üzə gəlib. Azarkeşlər İstanbul derbisində maraqlı mübarizənin şahidi olub. Bir neçə gün əvvəl Türkiyə Superkubokunda “Fənər”i məğlub edən “Efes” bu dəfə fanatlarını sevindirə bilməyib. Artıq ilk hissədən təşəbbüsü ələ alan qonaqlar fasiləyə 9 xallıq üstünlüklə yollanıb. 3-cü periodda “sarı-lacivərdlilər” fərqi 15 xala çıxartsa da, matçın sonlarında Tomislav Miyatoviçin komandası hesabı bərabərləşdirməyi bacarıb. Amma sirenaya yaxın Marko Quduriç və Artur Jaqarsın dəqiq 3-lükləri Fənərbağçaya qələbə qazandırıb: Anadolu Efes – Fənərbağça 78:83. Ötən tur səfərdə “Alba Berlin”i məğlub edən hazırkı çempion “Panatinaikos” isə bu dəfə doğma meydada Almaniyanın digər təmsilçisi “Bayern Münxen”lə qarşılaşıb. Matç boyunca rəqibindən daha üstün oyun sərgiləyən Yunanıstan klubu 94:79 hesabı ilə qalib gəlib. Ötən mövsümün finalçısı “Real Madrid” də doğma meydanda senssassiyaya imkan verməyib. Hərçənd “Partizan”la görüşün ilk hissəsində Çus Matteonun komandası bir qədər çətinliklə üzləşib. Amma matçın sonlarına yaxın təzyiqi artıran meydan sahibləri istəyinə nail ola bilib: Real Madrid – Partizan 93:86. Günün digər oyununda “Lion Villerban” “Virtus Bolonya”dan 87:85 hesabı ilə üstün olub.