“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda ikinci oyununa çıxıb.
G qrupunda mübarizə aparan təmsilçimiz ikinci turda Yunanıstanın Marussi komandasını qəbul edib. Bakı İdman Sarayında keçirilən oyununun ilk periodunda Rimas Kurtinaytisin komandası xoş təsir bağışlayıb. Amma ilk 10 dəqiqəlik hissəni 27:25 hesabı ilə öndə başa vuran “Sabah” ikinci bölümdə rəqibinin müqaviməti ilə üzləşib. Nəticədə komandamız fasiləyə 1 xal fərqilə geridə yollanıb. İkinci hissə tamamilə “Marussi”nin üstünlüyü şəraitində keçib. Üçüncü periodu 62:53 hesabı ilə öndə başa vuran Balkan təmsilçisi son bölümdə də meydanda dominanltıq edən tərəf olub. Nəticədə “Sabah” “Marussi”yə 70:82 hesabı ilə məğlub olub. Komandamızın heyətində ən məhsuldar oyunçu Kamron Blu olub. Amerikalı basketbolçu 18 xal toplayıb. “Marussi”nin heyətində isə Harris Yannopulosla Kameron Reynolds hərəyə 20 xal toplayıb. Xatırladaq ki, “Sabah” ilk turda səfərdə Belçikanın “Spiru” klubuna 81:82 hesabı ilə məğlub olmuşdu. Komandamız növbəti oyununu oktyabrın 23-də Bakıda İsveçin Nörrçöpinq klubuna qarşı keçirəcək.