Amerika Kubokunda pley-offa yüksələn komandalar müəyyənləşib

3 İyul, 13:15 Sosial mediada paylaşın:
Amerika Birləşmiş Ştatlarında keçirilən “Copa America” turnirində qrup mərhələsinə yekun vurulub. D qrupunda mübarizə aparan favorit Braziliya millisi 3-cü qarşılaşmasında da xal itkisi ilə yadda qalıb. “Sambaçılar” qrupun sonuncu turunda Kolumbiya futbolçuları ilə üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşıb. 12-ci dəqiqədə Rafinya rəqib qapısına yol taparaq Braziliyanı hesabda irəli çıxarıb. İlk hissəyə artırılan 2-ci dəqiqədə isə Daniel Munyoz bərabərliyi təmin edib. Braziliya – Kolumbiya 1:1.
Kosta Rika seçməsi isə Paraqvay futbolçuları ilə görüşüb. Mərkəzi Amerika təmsilçisi 10 dəqiqə ərzində rəqib qapısından 2 top keçirərək azarkeşlərini coşdurub. Əvvəlcə 3-cü dəqiqədə Fransisko Kalvo hesabı açıb. 4 dəqiqə sonra isə Xosimar Alkoser fərqi iki topa çatdırıb. Paraqvay futbolçuları isə ikinci hissəsə fərqlənməyə nail olublar. Ramon Sosa 55-ci dəqiqədə təsəlli qolunun müəllifi olub. Kosta Rika – Paraqvay 2:1. Bununla da D qrupundan play-offa yüksələn komandalar müəyyənləşib. Kolumbiya seçməsi 7 xalla lider kimi 1/4 finala yüksəlib. 5 xalı olan Braziliya seçməsi isə qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. 4 xalı olan Kosta Rika və xalsız qalan Paraqvay turnirlə vidalaşıb. Beləliklə, yarışın 1/4 final mərhələsində Kolumbiya futbolçuları Panama yığması ilə üz-üzə gələcək. “Sambaçılar” isə Uruqvay kollektivi ilə görüşəcək. Mərhələnin digər qarşılaşmalarında isə Argentina Ekvador, Venesuela isə Kanada ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar müvafiq olaraq 5, 6 və 7 iyun tarixlərində keçiriləcək.

CANLI YAYIM