Türkiyə millisi 1/4 finala yüksəldi

3 İyul, 13:00 Sosial mediada paylaşın:
Avropa çempionatının 1/8 final mərhələsində sonuncu qarşılaşma Leyptsiq şəhərində keçirilib.
“Red Bull” Arenada Avstriya millisi qardaş ölkə Türkiyə kollektivi ilə üz-üzə gəlib. Görüşdə hesabın açılmasını çox gözləmək lazım gəlməyib. 57-ci saniyədə Arda Gülərin künc nöqtəsindən qapı önünə ötürdüyü topu müdafiəçi Merih Demiral qapıdan keçirib. Qoldan sonra təşəbbüsü əldən verməyən “ay ulduzlular” ilk hissədə bir neçə təhlükəli cəhdlə yadda qalsa da hesab dəyişməyib. Fasilədən sonra fərq artıb. Bu dəfə də Türkiyə futbolçuları eyni vəziyyətdə rəqib qapısına yol tapıblar. Komandanın ikinci qolunun müəllifi də Merih Demiral olub. Çox keçmədən Avstriya futbolçuları təsəlli qolunu vurmağa imkan tapıblar. 66-cı dəqiqədə Mixael Qriqoriç komandasını ümidləndirib. Qalan vaxtda hesab dəyişməyib. Avstriya – Türkiyə 1:2. Beləliklə, tarixində 7-ci dəfə Avropa çempionatında iştirak edən Türkiyə milli komandası 3-cü dəfə 1/4 finala vəsiqə qazanıb. Komanda növbəti turda Niderland seçməsi ilə üz-üzə gələcək. Görüş Berlin şəhərinin “Olimpiya” stadionunda keçiriləcək və iyunun 6-sı, saat 23-də start götürəcək.

CANLI YAYIM