İspaniya və İtaliya pley-off mərhələsinə yüksəldi

25 İyun, 12:55 Sosial mediada paylaşın:
Avro 2024-ün B qrupunda mübarizə başa çatıb.
Düsseldörf şəhərində keçirilən matçda Albaniya və İspaniya komandaları üz-üzə gəlib. Qrup mərhələsinin digər görüşlərində qalib gələn ispanlar bu dəfə də qələbə qazanaraq qrupu maksimum xalla başa vurub. Pireney təmsilçisi rəqibindən minimal hesabla üstün olub. Görüşdə vurulan yeganə qolun müəllifi 13-cü dəqiqədə Ferran Torres olub. O, Dani Olmonun ötürməsini qolla tamamlayıb: Albaniya - İspaniya 0:1. Beləliklə, İspaniya millisi 9 xalla play-offa vəsiqə qazanıb. 1 xalı olan Albaniya futbolçuları isə Avro 2024-lə vidalaşıb.B qrupunun digər matçı isə Leyptsiq şəhərində keçirilib. Play-off şansı qalan Xorvatiya seçməsi qrup 2-cisi İtaliya yığması ilə üz-üzə gəlib. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra hakim italyanların qapısına penalti təyin edib. Luka Modriç fürsətdən yararlana bilməyib. Amma 38 yaşlı futbolçu 1 dəqiqə sonra fərqlənərək komandasını irəli çıxarıb. Bu hesab Xorvatiyanın play-offa yollanmasına kifayət etsə də komanda sərfəli hesabı qoruya bilməyib. Əsas vaxta artırılan 8-ci dəqiqədə Matteo Zakkani bərabərlik yaradaraq yekun nəticəni müəyyənləşdirib. Xorvatiya - İtaliya 1:1. Beləliklə, 4 xal toplayan İtaliya millisi B qrupundan play-offa yollanan digər komanda olub. Xorvatiya isə 2 xalla ən yaxşı 3-cü komandalar siyahısında 5-ci olaraq yarışda mübarizəni dayandırıb.

CANLI YAYIM