"Ay-ulduzlular" məğlub oldu, "narıncılar" böyükhesablı qələbəyə sevindi

11 İyun, 13:20 Sosial mediada paylaşın:
Avropa çempionatı ərəfəsində milli komandalar yoxlama görüşlərində qüvvəsini sınayır. İlk oyunda İtaliya yığması ilə üz-üzə gələn Türkiyə millisi növbəti qarşılaşmada Polşa futbolçuları ilə görüşüb. İlk hissədə üstünlüyü ilə seçilən Polşa kollektivi fasiləyə minimal hesabla öndə yollanıb. Karol Sviderski 12-ci dəqiqədə “ay ulduzlular”ın qapısına yol tapıb. İkinci hissədə hücumlarının sürətini artıran Türkiyə futbolçuları 77-ci dəqiqədə bərabərliyi təmin edib. Barış Alper Yılmaz komandasını ümidləndirib. Lakin çox keçmədən Polşa millisi qələbə qolunu vurmağı bacarıb. Nikola Zalevski mübarizəyə nöqtə qoyub. Polşa – Türkiyə 2:1.
Niderland futbolçuları isə İslandiya kollektivi ilə üz-üzə gəlib. “Narıncı”lar bu qarşılaşmada da qapısını toxunulmaz saxlayaraq qələbə qazanıb. İlk hissədə bir qol vurulub. Xavi Simons dəqiq zərbə ilə fərqlənib. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Niderland millisi növbəti dəfə rəqib qapısına yol tapıb. 49-cu dəqiqədə Vircil van-Dayk fərqi iki topa çatdırıb. İkinci hissənin ortalarında Donyel Molen rəqibi üçüncü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunda son nöqtəni isə Vaut Verqhost qoyub: Niderland – İslandiya 4:0.

CANLI YAYIM