"Boston" final seriyasına qələbə ilə başladı

7 İyun, 11:40 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında final seriyası start götürüb.
Müntəzəm çempionatın qalibi “Boston Seltiks”  Qərb konfransını 5-ci sırada başa vuran “Dallas Maveriks”i qəbul edib. Pley-off mərhələsində cəmi 2 dəfə məğlub olan Co Mazzullanın komandası finalın ilk oyununda da favorit statusunu doğruldub. Matçın əvvəllərində latviyalı basketbolçu Kristaps Porzinqisin inamlı çıxışı sayəsində rəqibi çətin vəziyyətə salan meydan sahibləri ilk periodu 17 xal fərqilə öndə başa vurub. Bu da NBA finallarında ilk bölümdə rekord göstərici kimi tarixə düşüb. İkinci bölüm də “Boston”un üstünlüyü şəraitində keçib. Nəticədə “Seltiks”  fasiləyə 21 xallıq üstünlüklə yollanıb. İkinci hissənin ilk dəqiqələrində oyunun ssenarisi bir qədər dəyişib. Sloveniyalı ulduz basketbolçu Luka Donçiçin məhsuldarlığı sayəsində “Dallas” hesab arasındakı fərqi 8 xala qədər endirib. Amma Texas klubunun gücü bundan artığına çatmayıb. Sonrakı dəqiqələrdə meydanda dominantlıq edən Boston basketbolçuları fərqi darmadağın həddinə çatdırıb. Nəticədə “Dallas”ı 107:89 hesabı ilə məğlub edən “Boston” seriyada önə keçib. Görüşün ən məhsuldar oyunçusu isə “Maveriks”in lideri Luka Donçiç olub. O, meydanı 30 xal və 10 ribaundla tərk edib. Bu komandalar arasında növbəti qarşılaşma iyunun 10-da keçiriləcək. Seriyada 4 qələbə qazanan komanda çempion olacaq.

CANLI YAYIM