3x3 basketbol millimiz Dünya seriyasında 1/4 finala yüksəldi

3 İyun, 12:15 Sosial mediada paylaşın:
Qəbələ şəhərində 3x3 basketbol üzrə qadınların Dünya seriyasının 3-cü mərhələsinə start verilib. Azərbaycan millisi və ölkəmizi təmsil edən "Baku Flames" komandası A qrupunda mübarizə aparıblar. Sözügedən kollektivlər arasındakı görüşdən seçməmiz 21:6 hesabı ilə qalib ayrılıb. Mersedes Voker 9 xalla diqqət mərkəzinə düşüb. Yığmamız digər qarşılaşmalarda Portuqaliya millisi və "Varşava Lotto" basketbolçularına məğlub olub. Beləliklə, Dina Ulyanova, Tatyana Deniskina, Binata Rizvanova və Mersedes Vokerdən ibarət Azərbaycan seçməsi qrupu 3-cü sırada tamamlayaraq 1/4 finalda iştirak haqqı əldə edib. İlk matçda olduğu kimi, digər iki oyunda da azarkeşlərini məyus edən "Baku Flames" isə mübarizəni dayandırıb. Portuqaliya kollektivi A qrupunun lideri kimi birbaşa yarımfinala yüksəlib. İkinci pillənin sahibi - "Varşava Lotto" 1/4 finalda çıxış edəcək.
B qrupunda isə birinci pilləni Polşa millisi tutub. İspaniya təmsilçisi - "Barselona Panters" təkcə "ağ-qırmızılar"dan geri qalıb. İtaliya komandası üçüncü, Rumıniya yığması isə dördüncü olub.
Azərbaycan seçməsi 1/4 finalda "Barselona Panters"lə üz-üzə gələcək. Görüş bu gün saat 15:00da start götürəcək. Final matçının startı isə 17:20-yə təyin olunub. Qeyd edək ki, Qəbələ mərhələsi "İdman TV"də  canlı yayımlanır.

CANLI YAYIM