Avroliqada “Dördlər finalı”na yekun vurulub.
Berlində keçirilən həlledici matçda ötən mövsümün qalibi “Real Madrid”lə 13 il əvvəl çempion olan “Panatinaikos” qarşılaşıb. Oyunun əvvəlində təşəbbüsü ələ alan İspaniya təmsilçisi ilk hissədə meydanda diqtə edən tərəf olub. Çus Mateonun komandası hətta matçın gedişində fərqi 14 xala qədər yüksəldib. Amma Afina klubu fasilədən sonra vəziyyəti xeyrinə dəyişə bilib. Xüsusən də 3-cü bölümün ortalarından Kostas Slukasın ardıcıl 3-lükləri sayəsində Yunanıstan klubu matçda dönüş edə bilib. Oyunun sonlarında madridli basketbolçularının qeyri-dəqiq atışları afinalıların işinə yarayıb. Nəticədə “Real Madrid”i 95:80 hesabı ilə məğlub edən “Panatinaikos” tarixində 7-ci dəfə Avroliqanın qalibi olub. Maraqlıdır ki, “Pana” tarixi ərzində heç vaxt bu turnirin finalında məğlub olmayıb. Yunanıstan təmsilçisinin türkiyəli baş məşqçisi Ergin Ataman isə son 4 ilin 3-də komandasını Avroliqanın qalibi edib. Onun başçılığı altında “Anadolu Efes” 2021 və 2022-ci illərdə bu turnirin kubokuna sahib çıxmışdı. Yeri gəlmişkən, final matçında 24 xal toplayan “Panatinaikos”un lideri Kostas Slukas ən dəyərli oyunçu mükafatına yiyələnib. 3-cü yer uğrunda görüşdə isə “Olimpiakos” “Fənərbağça”ya 87:84 hesabı ilə qalib gələrək yeni formatda keçirilən Avroliqada ilk dəfə bürünc medal qazanıb.