“Sərhədçi İdman Mərkəzi”ndə Basketbol üzrə Azərbaycan çempionatında final mərhələsinin oyunları davam edir.
Seriyanın 3-cü görüşündə üz-üzə gələn “Xəzri” ilə “Sabah” arasındakı oyunda azarkeşlər yalnız ilk hissədə intriqalı oyunun şahidi olub. İlk bölüm “Xəzri”nin 19:18 hesablı üstünlüyü ilə başa çatıb. “Sabah” fasiləyə qədər vəziyyəti xeyrinə dəyişə bilib – 35:34. İkinci hissə tamamilə Rimas Kurtinaytisin komandasının diqtəsi altında keçib. 4-cü perioda 12 xallıq üstünlüklə daxil olan “Sabah” son bölümdə də rəqibinə çətin anlar yaşadıb. “Xəzri”nin heyətində Amil Həmzəyevin ikinci hissədə zədəli mübarizə aparması və 4-cü periodda oyun qurucusu Səid İsmayılovun fol limitini doldurmasına görə meydandan çıxması da nominal meydan sahiblərini çətin vəziyyətə salıb. “Sabah”ın heyətində isə 23 xal toplayan amerikalı basketbolçu Maykl Holton komandasının inamlı çıxışında böyük pay sahibi olub. Nəticədə “Xəzri”ni 75:59 hesabı ilə məğlub edən “Sabah” seriyada önə keçib. Bu komandalar arasında 4-cü oyun mayın 24-də keçiriləcək. “Sabah” bu görüşdə də qalib gəlsə, ardıcıl 2-ci mövsüm çempionluğunu rəsmiləşdirəcək. “Xəzri” meydanı qələbə ilə tərk edəcəyi halda, seriyada həlledici görüş mayın 28-də keçiriləcək.