Basketbol üzrə Azərbaycan çempionatında final mərhələsinin oyunları davam edir.
“Sərhədçi İdman Mərkəzi”ndə “Xəzri” ilə “Sabah” arasında keçirilən seriyanın 2-ci oyununda azarkeşlər intriqalı mübarizənin şahidi olmayıb. Ötən matçda rəqibinə 70:95 hesabı ilə qalib gələn “Xəzri” bu dəfə imkanlarından aşağı səviyyədə çıxış edib. Artıq ilk dəqiqələrdən təşəbbüsü ələ alan Rimas Kurtinaytisin komandası ilk periodu 11 xallıq üstünlüklə tamamlayıb. “Sabah” fasiləyə qədər fərqi daha da artırıb – 46:29. İkinci hissədə də oyunda ssenari dəyişməyib. 3-cü meydanda diqtə edən hazırkı çempion matçın sonlarında nəzarəti əlində saxlayıb. Xüsusən də “Sabah”ın forvardı Artyoms Budyankovs komandasının hücumlarında fəallığı ilə seçilib. Latviyalı basketbolçu meydanı 21 xalla tərk edib. Beləliklə də, “Xəzri”yə 94:63 hesabı ilə qalib gələn “Sabah” seriyada tarazlığı bərpa edib. Bu komandalar arasında 3-cü oyun mayın 22-də keçiriləcək. Final seriyası komandalardan birinin 3-cü qələbəsini qazanmasına qədər davam edəcək.