İstanbulda yenidən Qran-pri təşkil oluna bilər

4 Mart, 11:08 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatının mərhələ yarışlarından biri yenidən İstanbulda keçirilə bilər.
Bu barədə Avropa mətbuatı məlumat yayıb. Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd ben Sulayem bir müddət əvvəl Türkiyəyə səfər edərək bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün əməkdaşlığı müzakirə edib. Mərmərə dənizinin sahilindəki kurort zonalardan birində görüş zamanı digər planlar haqda da danışıqlar gedib. Mətbuata açıqlama verən FIA başqanı Ben Sulayem bunları söyləyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək yerinə düşdü. Biz bir neçə məsələni müzakirə etdik. Təbii ki, əsas mövzumuz Formula 1-in yenidən İstanbula mümkün qayıdışı oldu. “İstanbul Park” pilotların təriflədiyi müasir avtodromdur. İstanbul isə çox gözəl şəhərdir. Formula 1 böyük məmnuniyyətlə yenidən bu şəhərə qayıdardı. Biz həmçinin ralli üzrə dünya çempionatının mərhələ yarışlarından birinin Türkiyədə keçirilə biləcəyi haqda da danışıq apardıq”.
Xatırladaq ki, Türkiyə Qran-prisi 1-ci dəfə 2005-ci ildə keçirilib və ilk qalib “Maklaren-Mersedes”in finlandiyalı pilotu Kimi Raykkonen olub. “İstanbul Park”da sonuncu yarış 2011-ci ildə təşkil edilib. Maraqlıdır ki, bu dəfə “Mersedes”i təmsil edən finlandiyalı digər pilot Vallteri Bottas İstanbulda uğur qazanıb.

CANLI YAYIM