Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.
Yuxarı sıralarda qərarlaşan "Ştutqart" doğma meydanında çempionatda qalmaq uğrunda mübarizə aparan "Mayns"la qarşılaşıb. Meydan sahibləri ilk hissəyə artırılmış dəqiqələrdə iki dəfə rəqibi məyus ediblər. Əvvəlcə Maksimilian Mittelştedt, ardınca isə Ceymi Levelinq fərqlənib. İkinci hissədə "Ştutqart" daha bir dəfə "Mayns"ın qapısına yol tapıb. Deniz Undav diqqət mərkəzinə düşüb. 76-cı dəqiqədə qonaqlar qollardan birinin əvəzini çıxıblar. Lüdovik Ajork görüşə nöqtə qoyub. 3:1 hesabı ilə qələbə qazanan "Ştutqart" xallarının sayını 43-ə çatdırıb. Sebastyan Hönessin komandası hazırda yarış cədvəlində üçüncüdür. 12 xala malik "Mayns" isə 17-ci pillədə qərarlaşıb.
Günün digər matçında "Hoffenhaym" "Köln"ü qəbul edib. Oyunda hesab 79-cu dəqiqədə açılıb. Cərimə zərbəsini dəqiq yerinə yetirən Maks Finkqrefe "Köln"ü önə keçirib. Lakin qonaqlar sərfəli nəticəni qoruya bilməyiblər. İkinci hissəyə artırılmış 4-cü dəqiqədə Andrey Kramariç komandasını məğlubiyyətdən xilas edib - 1:1. "Hoffenhaym" 27 xalla turnir cədvəlində 8-ci, rəqibindən 11 xal geri qalan "Köln" isə 16-cıdır.