"Oklahoma Siti" gözlənilmədən "Detroyt"a uduzdu

29 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti görüşlər keçirilib. Qərb konfransının lideri - "Oklahoma Siti Tander"in 5 oyunluq qələbə seriyasına son qoyulub. Mark Deynonun komandası MBA-nın ən zəif göstəriciyə sahib klubu - "Detroyt Pistons"a gözlənilmədən məğlub olub - 104:120. 22 xal, 21 ribaundla dabl-dabl edən Ceylen Dyuren Miçiqan klubunun uğurunda böyük rol oynayıb.
"Finiks Sans" ardıcıl 2-ci dəfə azarkeşlərini məyus edib. Arizona təmsilçisi "Orlando Mecik"lə bacarmayıb - 98:113. Devin Buker qarşılaşmanı 44 xalla başa vurub. "Orlando"nun heyətində Paolo Bankero 26 xalla yadda qalıb. "Atlanta Hoks" - "Toronto Reptors" matçında azarkeşlər gərgin mübarizə izləyiblər. Oyunun bitməsinə 1,3 saniyə qalmış Saddik Bey meydan sahiblərinə qələbə qazandırıb - 126:125. "İndiana Peysers" isə "Memfis Qrizzlis"dən üstün olub. Rik Karlaylın komandası rəqibini 116:110 hesabı ilə məğlub edib.

CANLI YAYIM