"Atletiko Madrid" səfərdə, "Barselona" doğma meydanda oynayacaq

19 Sentyabr, 12:15 Sosial mediada paylaşın:
Çempionlar Liqasının qrup mərhələsində E qrupunda mübarizə aparacaq “Latsio” ilə “Atletiko Madrid” klubları arasındakı oyun maraqlı mübarizə vəd edir. 1-ci turda Romanın Olimpiya stadonunda qarşılaşacaq İtaliya və İspaniya təmsilçisinin görüşündə qonaqlar favorit sayılsa da, Mauritsio Sarrinin komandası meydandan xalsız ayrılmaq niyyətində deyil. Hərçənd, romalılar İspaniya komandalarına qarşı keçirdiyi son 5 oyunun hamısında məğlub olub. Yeri gəlmişkən, bu klublar sonuncu dəfə 2011/12 mövsümündə Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gəlmiş və hər iki oyunda madridlilər qalib gəlmişdi. Qrupun digər görüşündə isə Niderlandın “Feyenoord” klubu “De Kuip stadionunda Şotlandiya çempionu “Seltik”i qəbul edəcək.
H qrupunda isə “Barselona” doğma meydanda 66 ildən sonra Belçika çempionu olan “Antverpen”lə qarşılaşacaq. Son iki mövsümdə Çempionlar Liqasının qrup mərhələsini adlaya biləməyən İspaniya təmsilçisi sindroma son qoymaq niyyətindədir. Belçikalılarla oyundan əvvəl “Barsa”nın baş məşqçisi Xavi üzərində təzyiq hiss etdiyini, buna baxmayaraq hədəflərinin minimum qrup mərhələsini adlamaq olduğunu söyləyib. 2005/06 mövsümündə “Barselona” ilə Çempionlar Liqasının qalibi olan “Antverpen”in çalışdırıcısı Mark Van Bommel isə La Liqanın çempionundan qorxmadığını söyləyib. Digər görüşdə isə “Şaxtyor”un Hamburqda “Portu”nu qəbul edəcək. E və H qrupunda keçiriləcək bütün görüşlər Bakı vaxtı ilə 23:00-da start götürəcək.

CANLI YAYIM