Formula 1 üzrə Azərbaycan Qran-prisi başa çatdı

1 May, 11:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə Qran-prinin  əsas yarışından əvvəl  açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Daha sonra yürüşə start verildi. 10 komandanın heyətində pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında 51 dövrə vurdular. Sprint yarışında qalib gələn “Red Bull” pilotu Serxio Peres həlledici mərhələdə də uğur qazanıb. Meksikalı pilot bu mövsüm ikinci dəfə finiş xəttini birinci keçib. Ümumilikdə isə Serxio karyerasında 6-cı, şəhər trasslarında isə 5-ci dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. Yeri gəlmişkən, 2021-ci ildə də Bakıda keçirilən yarışda qalib gələn Serxio Peres Azərbaycan Qran-prisində 2 dəfə uğur qazanan ilk pilot kimi tarixə düşüb.
İkinci pilləyə Peresin komanda yoldaşı Maks Ferstappen sahib çıxıb. Beləliklə də, “Red Bull” bu mövsüm keçirilən 4-cü yarışda 3-cü dəfə dubl etməyi bacarıb. Bu həm də Avstriya komandasının 25-ci dublu kimi tarixə düşüb. Təsnifat mərhələsinin qalibi olan “Ferrari” pilotu Şarl Lekler yarışı 3-cü sırada başa vurub. Bununla da monte karlolu pilot 2023-cü ildə ilk dəfə fəxri kürsüyə qalxıb. İlk 3 yarışın hamısında 3-cü yeri tutan “Aston Martin” pilotu Fernando Alonso isə bu mövsüm ilk dəfə fəxri kürsüdən kənarda qalıb. 2 qat dünya çempionu Bakıda 4-cü  nəticə göstərib. Mübarizə başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Bakı şəhər Icra hakimiyyətinin başçısı Eldar Əzizov, Gənclər və İdman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Bin Sulayin , Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbrov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri Maqsud Fərzullayev  təqdim ediblər.  

CANLI YAYIM