Azərbaycan Qran-prisi: 6-cı yarış, 6-cı fərqli qalib

13 İyun, 08:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə Azərbaycan Qran-prisi başa çatıb. Bakıda 6-cı dəfə keçirilən yarış bu dəfə də sürət həvəskarlarının zövqünü oxşayıb. Mövsümün 8-ci yarışında azarkeşlər dünyanın ən güclü 20 pilotunun mübarizəsində maraqlı anların şahidi olub. Təsnifat mərhələsində “Ferrari” pilotu Şarl Lekler uğur qazansa da, həlledici mübarizə tam fərqli ssenari ilə yadda qalıb. Yarış start götürən kimi “Red Bull” sürücüsü Serxio Peres dərhal Şarl Lekleri geridə qoyub. 15-ci dövrədə isə hazırkı dünya çempionu Maks Ferstappen irəli keçməyi bacarıb. Buna qədər isə, yəni 9-cu dövrədə Karlos Sayns mühərrikində problemlər səbəbindən yarışdan çəkilərək “Ferrari” fanatlarını məyus edib. 18-ci dövrədə “Ferrari” azarkeşləri növbəti dəfə ümidlənib. “Red Bull” pilotlarının pit-stopa girməsindən istifadə edən Şarl Lekler yenidən önə keçib. Amma bu sevinc də uzun sürməyib. 20-ci dövrədə boliddəki eyni problemlər üzündən Lekler mübarizəni dayandırıb. Maraqlıdır ki, “Ferrari” mühərriklərindən istifadə edən “Alfa Romeo”dan Quanyu Çjou ilə “Haas”dan Kevin Maqnussen də analoji səbəbdən yarışdan çəkilib. Bir müddət sonra “Mersedes” mühərriklərindən yararlanan “Aston Martin”dən Lans Stroll mübarizəni dayandırmağa məcbur olub. “Ferrari” pilotlarının mübarizədən çəkilməsindən istifadə edən “Red Bull” sürücüsü Maks Ferstappen şansı əldən verməyib. Lekler yarışdan çəkildikdən sonra rahat şəkildə bolidini idarə edən niderlandlı pilot 51 dövrəni 1 saat 34 dəqiqə 5 saniyəyə qət edərək karyerasında 25-ci qələbəsini qazanıb. Yeri gəlmişkən, ki, bu, Maksın paytaxtımızda ilk qələbəsidir. Maraqlıdır ki, bu günə qədər Azərbaycanda keçirilən 6 yarışı da fərqli pilot qazanıb. Ferstappendən 20 saniyə geri qalan komanda yoldaşı Serxio Peres 2-ci olub. “Mersedes”dən Corc Rassell isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Yarışa 7-ci sıradan başlayan 7 qat dünya çempionu Lüis Hemilton isə 4-cü yeri tutub. Dünya çempionlarından söz düşmüşkən, 4 dəfə planetin ən yaxşısı olan Sebastyan Fettell 6-cı, 2 qat dünya çempionu Fernando Alonso 7-ci yerlə kifayətlənib. Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 150 xalla liderliyini möhkəmlədib. Ondan 21 xal geri qalan Serxio Peres 2-ci yerdədir. Şarl Lekler isə 116 xalla 3-cü sırada qərarlaşıb. Mühəndislər Kubokuna da 279 xalla “Red Bull” başçılıq edir. Ondan 80 xal geridə qalan “Ferrari” ikinci, 161 xal toplayan “Mersedes” 3-cüdür. Növbəti yarış həftəsonu Kanadada keçiriləcək.

CANLI YAYIM