Hemilton Ferstappenə bir qədər də yaxınlaşdı

22 Noyabr, 14:46 Sosial mediada paylaşın:
Tarixdə ilk dəfə keçirilən Formula 1 üzrə Qətər Qran-prisi başa çatıb.
Bir həftə əvvəl Braziliyada fəxri kürsünün üst pilləsinə qalxan Lüis Hemilton Dohada da rəqiblərinə heç bir şans verməyib. Şənbə günü təsnifat mərhələsinin qalibi olan “Mersedes” pilotu yarışın sonuna qədər liderliyini əldən verməyib. 36 yaşlı britaniyalı sürücü 57 dövrəni 1 saat 24 dəqiqə 28 saniyəyə qət edərək bu mövsüm 7-ci dəfə qələbə sevinci yaşayıb. San Pauluda 2-ci yeri tutan çempionatın lideri Maks Ferstappen yenə də eyni nəticəni təkrarlayıb. O, Hemiltondan 25 saniyə geridə qalıb. “Alpin” komandasında çıxış edən 2 qat dünya çempionu Fernando Alonso isə 3-cü yeri tutaraq 7 ildən sonra ilk dəfə fəxri kürsüdə özünə yer edib. Yeri gəlmişkən, Qran-pridə diqqət çəkən məqamlardan biri də “Mersedes”in digər pilotu Valtteri Bottasın yarışı yarımçıq dayandırması olub. Onunla birgə “Uilyams”da çıxış edən Nikolas Latifi də finiş xəttini keçə bilməyib.
Şəxsi birinciliyə gəlincə, “Red Bull” sürücüsü Maks Ferstappen 351,5 xalla yenə də liderliyini qoruyur. Hemilton ondan 8 xal geridədir. Valtteri Bottas isə 203 xalla 3-cüdür. Mühəndislər Kubokuna isə 546,5 xalla “Mersedes” başçılıq edir. Qətərdə Almaniya komandasından fərqli iki pilotu sayəsində nəticə əldə edən “Red Bull” isə xal fərqini 6-ya endirib. “Ferrari” isə 297,5 xalla 3-cü pilləni tutub. Növbəti yarış dekabrında Qətər kimi Formula 1-də debüt edəcək Səudiyyə Ərəbistanında keçiriləcək.

CANLI YAYIM