İtaliya 2 Qran-pri keçirmək istəyir

8 May, 11:04 Sosial mediada paylaşın:
Pandemiya İtaliyaya təsiri nə qədər ağır olsa da, appeninlilər nikbinliyi itirmir. Avropanın bir neçə ölkəsi Formula 1 yarışının təşkilindən boyun qaçırdığı məqamda İtaliya 2 Qran priyə ev sahibliyi etmək istəyir.
İtaliyanın “Corriere dello Sport” nəşri yazır ki, Montsa avtodromu bu mövsüm 2 dəfə qapılarını Formula 1 komandalarının üzünə açmağa hazırdır. Təqvimə əsasən buradakı yarış sentyabrın 6-da keçiriləcəyinə görə, italyanlar onun təşkili ilə bağlı problem olmayacağına ümid edirlər. Hazırda ölkədə pandemiyanın pik dövrünun arxada qalması gələcəyə nikbinliklə baxmağa əsas verir. Nəzərə alaq ki, appeninlilər yarışı azarkeşsiz keçirmək istəyir. Bu amil isə çox güman ki, təşkilati məsələlərdə çətinlik yaratmayacaq.
Xatırladaq ki, İtaliya ilə yanaşı, Avstriya, Böyük Britaniya və Macarıstan da bu mövsüm iki yarışa ev sahibliyi etmək isytəyir. Bu ölkələr hərəyə 2 Qran pri təşkil etsə, Formula 1 mövsümü baş tutmuş sayılacaq. Belə ki, reqlamentə əsasən, çempionatın legitimliyi üçün ən azı 8 Qran-pri keçirilməlidir. Əlavə edək ki, bundan başqa Azərbaycanla yanaşı daha bir neçə ölkə pandemiyadan sonra yarışı qəbul etməyə razı olduğunu bildirib. Mövsümün ilk turnirinin iyulun əvvəlində Avstriyada keçiriləcəyi gözlənilir.

CANLI YAYIM