Basketbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verilib. “Qalatasaray” İstanbulda Almaniyanın “Vexta” klubunu qəbul edib. Matçın əvvəlindən təşəbbüsü ələ alan Türkiyə təmsilçisi artıq ilk periodda 30 xal toplayıb. “Cim-bom” fasiləyə 21 xallıq üstünlüklə yollanıb. İkinci hissədə qonaqlar fəallığı artırsa da, “sarı-qırmızılar” rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib: Qalatasaray – Vexta 103:91. Oyunun ən məhsuldar basketbolçusu “Qalatasaray”ın müdafiəçisi Otis Livinqston olub. Amerikalı oyunçu meydanı 21 xalla tərk edib.
Daha bir Türkiyə təmsilçisi “Petkim Spor” da azarkeşlərini sevindirib. Polşada “Şetsin” klubu ilə qarşılaşan Burak Göreni komandası 85:70 hesabı ilə qalib gəlib. Günün ən böyük senssasiyasına isə “Manisa” klubu imza atıb. Qardaş ölkənin komandası ötən mövsüm İspaniya çempionatının finalına çıxan “Mursiya”nı səfərdə 103:97 hesabı ilə məğlub edib. Amma Çempionlar Liqasının qalibi olan “Unikaxa Malaqa” komandası senssasiyaya imkan verməyib. Hərçənd Belçikada “Ostende” klubu ilə qarşılaşan İspaniya təmsilçisi son perioda qədər hesabda geridə idi. Amma son bölümdə daha kəsərli hücumlar quran Əndəlüs klubu istəyinə çatıb: Ostende – Unikaxa 85:92