“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Komandamız turnirin ikinci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln” ilə üz-üzə gəlib. Görüşdə aşkar favorit hesab olunan Qurban Qurbanovun yetirmələri ilk dəqiqələrdən rəqibə çətin anlar yaşadıb. Hesab birinci hissənin əsas vaxtına artırılan dəqiqələrdə açılıb. Juninyo qapını dəqiq nişan alıb. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Qarabağ” futbolçuları növbəti dəfə rəqibi cəzalandırıb. 75-ci dəqiqədə Toral Bayramov uzaq məsafədən qüvvətli zərbə ilə fərqi iki topa çatdırıb. Təmsilçimiz qalan vaxt ərzində inamlı çıxışı ilə yadda qalsa da hesab dəyişməyib: “Linkoln” – “Qarabağ” 0:2. Beləliklə, “Qarabağ” avrokuboklardakı çıxışına qələbə ilə başlayıb. Bu komandalar arasında cavab matçı 1 həftə sonra keçiriləcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.