Avro 2024-də qrup mərhələsinə yekun vurulub. F qrupunda Türkiyə seçməsi Hamburqda Çexiya respublikası millisi ilə qarşılaşıb. Oyunun əvvəlində 2 dəfə sərt oyunla yadda qalan Antonin Barak qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən lazımınca istifadə edən Türkiyə millisi tamamilə üstünlüyə yiyələnib. Görüşdə vurulan ilk qol isə 2-ci hissənin əvvəlinə təsadüf edib. 51-ci dəqiqədə kapitan Hakan Çalhanoğlu effektli zərbə ilə hesabı açıb. Bu qoldan sonra fəallaşan çexlər 66-cı dəqiqədə bərəbərlik qolunu vurub. Tomaş Şouçek fərqlənib. Bu da oyunda vurulan son qol olmayıb. 2-yarıya əlavə olunan 4-cü dəqiqədə Cenk Tosun yekun hesabı müəyyənləşdirib. Türkiyə - Çexiya 2:1. Bu qələbə ilə qrup mərhələsini 2-ci pillədə başa vuran “ay-ulduzlular” pley-offda Avstriya yığmasına rəqib olublar. Çexlər isə qrup autsayderi kimi yarışla vidalaşıblar.
Qrupun digər oyununda debütant Gürcüstan millisi iddialı kollektivlərdən Portuqaliya seçməsi ilə qarşılaşıb. Artıq 2-ci dəqiqədə Xviça Kratatsxeliya hesabı açıb. 2-ci yarıda gürcü futbolçular daha bir qol vurublar. Bu dəfə Georgi Mikautadze təyin olunan penaltini dəqiq yerinə yetirib. Beləliklə 2:0 hesablı qələbə qazanan Gürcüstan millisi ən yaxşı 3-cü yerin sahiblərindən biri kimi pley-ofa yüksəlib. Onların 1/8 finalda rəqibi İspaniya millisi olacaq. Qrup lideri Portuqaliya seçməsi isə Sloveniya yığması ilə üz-üzə gələcək.