Amerika Kuboku turnirinin D qrupunda mübarizə aparan Kolumbiya millisi ilk görüşündə Paraqvay futbolçuları ilə üz-üzə gəlib.
Bundan əvvəl ardıcıl 23 oyunda uduzmayan Kolumbiya futbolçuları bu dəfə də azarkeşlərini sevindiriblər. Nestor Lorentsonun yetirmələri qarşılaşmanın taleyini elə ilk hissədə həll ediblər. Daniel Munyoz 32-ci dəqiqədə qapını dəqiq nişan alıb. Çox keçmədən Kolumbiya seçməsi fərqi iki topa çatdırıb. Cefferson Lerma rəqibi mərkəzə dəvət edib. Qeyd edək ki, hər iki qolun məhsuldar ötürməsini Xames Rodrigez edib. Fasilədən sonra Paraqvay yığması buraxılan toplardan birinin əvəzini çıxıb. Xulio Ensiso təsəlli qolunun müəllifi olub. Kolumbiya – Paraqvay 2:1. Qeyd edək ki, Paraqvay milli komandası 2017-ci ildən bəri Kolumbiya yığmasına qalib gələ bilmir. Həmin vaxtdan buya 6 oyunda üz-üzə gəliblər. Bu qarşılaşmalardan 4-ündə Kolumbiya millisi qələbə qazanıb. 2 görüş isə heç-heçə yekunlaşıb.
D qrupunun digər iştirakçıları – Braziliya və Kosta Rika milli komandaları İnqlvud şəhərində üz-üzə gəliblər. Əsas vaxtda hər iki kollektiv topu qapıdan keçirməyə çalışsa da səyləri nəticə verməyib. Yekunda qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.