Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək

22 May, 13:30 Sosial mediada paylaşın:
Bu gün UEFA Avropa liqasında 2023-2024-cü illər mövsümündə çempionun adına aydınlıq gələcək. İrlandiyanın paytaxtı Dublində keçiriləcək həlledici qarşılaşmada Bayer Leverkuzen “Atalanta”  ilə üz-üzə gələcək. Bu, İtaliya təmsilçisinin Avropa turnirlərində çıxdığı ilk final matçı olacaq.  “Bayer” isə daha əvvəl 1988-ci ildə UEFA Kuboku turnirində qalib olmuşdu. Bundan sonrakı ən yaxşı göstərici Çempionlar Liqasının 2001-2002-ci illər mövsümündə 2-cilik olmuşdu.
“Atalanta”nın heyətin əsas itki Sead Kolaşinaç və Marten de Ronun adı ilə bağlıdır. Almaniya təmsilçisi isə bu matça ideal 11-liklə çıxacaq. İspaniyalı çalışdırıcı Xabi Alonso  mümkün trebl üçün 2-ci kuboku qazanmağa hazır olduqlarını bildirib: “Son 5 ildə “Atalanta” olduqca yaxşı inkişaf yolu keçib. Komanda tək İtaliyada deyil Avropada belə güclü rəqiblərə çətinlik yarada biləcək gücdədir. Almaniyada eyni oyun tərzinə malik komandalarla çox oynamışıq. Ona görə də görüşə hazır olduğumuzu düşünürəm. 51 matçdır ki məğlub olmuruq və futbolçular fərqli situasiyalarda necə oynamalı olduqlarını çox yaxşı bilirlər. Tarixi mövsümdə daha bir kubok qazanmaq istəyirik”.
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini bütün diqqətlərini məhz bu oyuna yönəltdiklərini qeyd edib: “Növbəti mövsüm üçün Çempionlar liqasına vəsiqəni təmin etdik. Bununla da artıq finala daha yaxşı köklənə biləcəyik. “Yuventus”la matçda etdiyimiz səhvlər məni məyus etdi. 3 aydır ki 3 gündən bir oyuna çıxırıq. Bu da daha çox güc sərf etməyimizə gətirib çıxarır. Amma bu bizim üçün bəhanə olmamalıdır. Avropada İlk kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki,  “Aviva” stadionunda keçiriləcək final matçı bu gün saat 23:00-də başlanacaq. GÖrüşü rumıniyalı İştvan Kovaç idarə edəcək.

CANLI YAYIM