Bu gün xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünü qeyd edir. Müstəqillik dövründə respublikamızın bütün sahələrdə inkişafı, o cümlədən, idmanımızın tərəqqisi ilk növbədə onun adı ilə bağlıdır. Məhz ümummilli liderimizin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra idmana qayğı dövlət quruculuğu siyasətinin əsas istiqamətlərindən biri seçildi. Bu amil son nəticədə Azərbaycana dünya miqyasında idman ölkəsi kimi şöhrət qazandırdı.
Heydər Əliyev idmanın inkişafına göstərdiyi qayğı ilə ölkədə gənclər arasında güclü, sağlam nəslin formalaşmasına nail olmaq istəyirdi. Azərbaycan gəncliyinin həm fiziki, həm də mənəvi sağlamlığı - ulu öndərin ən böyük arzularından idi. Bu sahədə onun müəyyənləşdirdiyi siyasət ölkəmizin gələcək nailiyyətləri üçün möhkəm təməl yaratdı.
Ümummilli liderin Azərbaycan idmanının inkişafında xidmətləri onun hələ respublikaya ilk rəhbərliyi dövründə başlanmışdı. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyevin gərgin fəaliyyəti, zəngin təcrübəsi, ardıcıl və prinsipial mövqeyi idman sahəsində də möhtəşəm uğurlar qazanmağa yardımçı oldu.
Hələ keçmiş ittifaq dövründə qadın voleybolçu və həndbolçularımızın SSRİ komandasında olimpiya çempionu olması, güləş, avarçəkmə, şahmat,vaterpol, boks, futbol və digər növlərdə böyük uğurlar dahi öndərin idmanımıza xüsusi diqqət və marağının nəticəsi idi. O zaman idman veteranlarının bir çoxunun sosial-məişət problemləri məhz Heydər Əliyevin köməyilə həllini tapıb.
20-ci əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Heydər Əliyevin hakimiyyətə xilaskar qayıdışı, prezident seçilməsi sayəsində social həyatın bütün sahələrində irəliləyişə nail oldu.Həmin dövrdə idmanımız ümummilli liderin qayğısını xüsusilə hiss etdi. 1993-cü ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilən sessiyasında Azərbaycan Milli Olimpiya Komitəsi rəsmən təşkilatın üzvlüyünə qəbul olundu. 1 il sonra Gənclər və İdman nazirliyi yaradıldı. Dövlət başçısının təşəbbüsü ilə ölkədə yeni idman bazaları quruldu. Mütəxəssislərin hazırlanması, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı, respublikada mötəbər turnirlərin keçirilməsilə əlaqədar lazımi tədbirlər görüldü. Dünyanın idman xadimləri etiraf edirlər ki, qısa bir müddət ərzində Azərbaycan idmanı az qala bir əsrlik inkişaf yolu keçdi.
İdman sahəsində ulu öndərin islahatlarının nəticəsini çox gözləmək lazım gəlmədi. Birləşmiş Ştatların Atlanta şəhərində Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi ilk yay olimpiadasında güləşçimiz Namiq Abdullayev gümüş mükafata layiq görüldü.
1997-ci il iyulun 31-də İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanının inkişafını daha da intensivləşdirdi. Bu yenilik də ümummilli liderimizin idman siyasətinin tərkib hissəsi idi. Bununla da Azərbaycanda idman hərəkatı daha geniş vüsət aldı. Sidneydə 27-ci Yay olimpiya Oyunlarında Azərbaycan atletlərindən Zemfira Meftahəddinova və Namiq Abdullayev qızıl, Vüqar Ələkbərov isə bürünc medal qazandı.
Olimpiya nailiyyətləri respublikada idmanın inkişafına yeni təkan verdi. Müxtəlif bölgələrimizdə tikilən müasir idman qurğuları, məşq bazaları və olimpiya kompleksləri əhalinin kütləvi şəkildə sağlam həyat tərzinə cəlb olunmasına şərait yaratdı. Ulu öndər bu komplekslərin açılışında şəxsən iştirak edir,idmanın inkişafına marağını dönə-dönə təsdiqləyirdi.
Heydər Əliyev Azərbaycanda beynəlxalq yarışların keçirilməsinə böyük əhəmiyyət verir, onları gənc nəslin idmana cəlb olunmasında mühüm vasitə sayırdı. Boks üzrə qitə və dünya birincilikləri, güləşçilərin Avropa çempionatı, bədii gimnastika üzrə dünya Kuboku və başqa mötəbər turnirlər respublikamızda böyük idman bayramlarına çevrilirdi. Komanda yarışları arasında qadın voleybolçularımızın qitə miqyasında ilk böyük qələbəsi də həmin dövrə təsadüf edir. Bütün bunlar ölkəmizdə böyük idman tədbirlərinin təşkili üzrə zəngin ənənələrin bünövrəsi sayılırdı.
İndi Heydər Əliyevin şah əsəri olan Azərbaycanın sosial həyatında, o cümlədən,idman aləmində növbəti inkişaf mərhələsi açılır.Şəhər və rayonlarımızda, eləcə də, işğaldan azad olunan doğma Qarabağımızda yeni idman qurğuları tikilir. Respublikamız mötəbər yarışlara,dünya və qitə çempionatlarına yenə ev sahibliyi edir. İdmançılarımız mötəbər yarışlarda fərqlənirlər.
Hər hansı bir ölkənin müstəqillik rəmzlərini idman qədər əks etdirən ikinci vasitə yoxdur, idman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir – bu müdrik kəlamlar Heydər Əliyevin qlobal inkişaf meyillərini əvvəlcədən görmək, öz ölkəsinin dünya birliyində yerini müəyyənləşdirmək bacarığının ifadəsi idi. Məhz ulu öndərin dühasının işığında nail olduğumuz tərəqqi idmançılarımızı beynəlxalq miqyasda liderlər sırasında saxlayır. Sözsüz ki, prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın indən belə qazanacağı uğurlar da ümummilli liderimizin əsasını qoyduğu idman siyasətinin parlaq nəticələri kimi tarixə yazılacaq.