Mükafat fondu 15 milyon 250 min dollar olan kişi tennisçilər arasında ilin yekun turniri başa çatıb.
Turində keçirilən yarışın final görüşündə ATP reytinqinin lideri Yannik Sinner Amerika Birləşmiş Ştatlarını təmsil edən Teylor Fritslə qarşılaşıb. 1 saat 24 dəqiqə davam edən görüşdə italiyalı raketka ustası hər iki setdə 6:4 hesabı ilə qalib gəlib. Oyun ərzində Sinner 14 eys və 2 breykdən yararlanıb. Beləliklə də, Sinner 4 milyon 881 min 500 dollar mükafata sahib olub. Bu da turnir tarixinin rekord göstəricisidir. Bununla yanaşı, Yannik 1986-cı ildən etibarən ilk dəfə turnirdə heç bir set uduzmadan çempionluq sevinci yaşayıb. Sonuncu dəfə 28 il əvvəl İvan Lendl belə bir göstərici ilə diqqət mərkəzində düşmüşdü. Yeri gəlmişkən, Sinner bir ildə həm Australian Open, həm US Open, həm də ilin yekun turnirinin qalibi olan 3-cü tennisçi kimi adını tarixə yazdırıb. Buna qədər Rocer Federer 2004,2006 və 2007, Novak Cokoviç isə 2015 və 2023-cü illərdə mövsümün 3 ən nüfuzlu hard kortda keçirilən yarışlarının qalibi olub. Federerdən söz düşmüşkən, Sinner burada cəmi 33 geym uduzaraq əfsanəvi isveçrəli raketka ustasının rekordunu yeniləyib. Rocer 2010-cu ildə ilin yekun turnirində rəqiblərinə 35 geym toplamağa imkan vermişdi.