Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib.
“Təmiz suda avar çək!” adlı yarışın təşkilində əsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir.
Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıblar. Gənclər və idman naziri Fərid Qayıbov “Təmiz suda avar çək!” yürüşünü açıq elan edib, ardınca xatirə hədiyyələri təqdim olunub.
Çıxışlardan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatı arasında Memorandum imzalanıb.
Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlif avarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakı ilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Jan-Kristof Rollan da olub.