Bu gün ÇL-də daha bir finalçı müəyyənləşəcək

8 May, 12:10 Sosial mediada paylaşın:
Bu gün UEFA Çempionlar Liqasında “Borussiya” Dortmund”dan sonra digər finalçının adına aydnılıq gələcək. “Real Madrid” doğma meydanda “Bayern Münxen”lə qarşılaşacaq. Almaniyada keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı. “Real”ın heyətində David Alaba meydanda olmayacaq. “Bayern”in heyətində isə əsas itki Kinqsli Komanın adı il bağlıdır. Oyunöncəsi mətbuat konfransında çıxış edən Karlo Ançelotti komandasının üzləşdiyi çətinliklərdən və oyuna hazırlıq prosesindən danışıb: “İlk matçda “Bayern” bizdən daha yaxşı oyun göstərdi. Bunu etiraf etməliyik. Artıq rəqibin gücünə bələdik və bu bizi daha yaxşı hazırlaşmağa vadar edir. Bizi finaldan cəmi bir görüş ayırır. Bunu bilmək daha yaxşı motivasiya olmağımıza şərait yaradır. 2014-cü ildə formalaşdırılan heyətin futbolçuları hələ də bizimlədir. Modriç, Kroos və Naçonun  meydanda olmağı gənc futbolçuların oyun tərzinə də kömək edir”. “Bayern” qalib gələcəyi təqdirdə 2013-cü il finalı təkrarlanacaq. Həmin ildə “Borussiya” və “Bayern” “Uembli”də həlledici görüşə çıxmışdı. Tomas Tüxel isə finalda oynamaq üçün maksimum göstəricilərlə çıxış edəcəklərini bildirib:“Yarimfinalda olduğumuz üçün fəxr etməliyik. Bununla belə ilk oyundakı əzmkarlığı cavab matçında da göstərməliyik. Təəssüf ki, doğma meydanda qələbə qazana bilmədik. Şanslarımızın bərabər olduğunu deyə bilərəm. “Real Madrid” böyük klubdur. Bunu hər kəs bilir. Lakin “Bayern” də Avropanın ən yaxşılarındandır. Çalışacağıq ki, bütün gücümüzlə həlledici matça vəsiqə qazanaq”. Qeyd edək ki, Saat 23:00-də başlanacaq qarşılaşmanı polşalı Şimon Marçinyakın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM