Bu gün "Bayern" "Real"la qarşılaşacaq

30 Aprel, 13:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının ilk yarımfinal oyunu Almaniyada keçiriləcək. Burda yerli “Bayern” Münxen turnirin ən titullu komandası “Real Madrid”i qəbul edəcək. Qeyd edək ki, “Bayern” – “Real” oyunları Çempionlar Liqasının klassikası sayılır. Bu iki komanda turnirin tarixində ən çox üz-üzə gələn klublardandır. İndiyə kimi keçirilən 26 qarşılaşmadan 12-də Almaniya, 11də isə İspaniya klubu qalib ayrılıb. Maraqlıdır ki, sonuncu dəfə 12 il əvvəl Çempionlar Liqasında rəqibinə uduzan “Kral Klubu” bundan sonra keçirdiyi 7 görüşün 6-da qalib gəlib və 1-də isə heç-heçə edib. Daha bir maraqlı statisktika isə Karlo Ançelotti ilə bağlıdır. İtaliyalı mütəxəssis baş məşqçi kimi heç vaxt  “Bayer”nə uduzmayıb. “Milan” və “Real”ın baş məşqçisi kimi Münxen klubuna qarşı 8 oyuna çıxan Ançelotti 6 dəfə qələbəyə sevinib.  2 matç isə heç-heçə bitib. Münxendə sarı vərəqə cəzalısı olan Dani Karvaxal oyundqa olmayacaq. Zədəsini sağaldan Tibo Kurtua və zədəli olan David Alaba da komandasına kömək edə bilməyəcək. Komandanın baş məşqçisi Karlo Ançelotti oyunla bağlı bunları deyib: “Keçmişdə olanlar və statistikalar xoş xatirələrdi. Hazırda yeni bir oyun və yeni bir səhifədi. Çox güclü və turnir təcrübəsi olan bir komandaya qarşı oynayacağıq. Nəzər alaq ki, Bayern Arsenal kimi klubu mübarizədən kənarlaşdırdı. Bu mövsüm London təmsilçisi çox yüksək və keyfiyyətli futbol oynayır. Real Madrid hər zaman Çempionlar Liqasında rəqibini yüksək qiymətləndirir. Hamı da Madrid komandasının Çempionlar Liqasında nəyə qadir olduğunu yaxşı bilir. Vaxtilə Münxendə də işlədiyimdən bu komandaya da yaxından bələdəm. Hazırda klubaTomas Tuxel kimi əla bir məşqçinin rəhbərlk etməsi onları daha təhlükəli edir”.
“Bayern”in baş məşqçisi Tomas Tuxel də media nümayəndələrinin önünə çıxıb. Mütəxəssis mətbuat konfransında rəqibi həmkarı Karlo Ançelottini tərifləməklə diqqət çəkib. Qeyd edək ki, “Bayern” də bu oyuna itkilərlə çıxacaq. Saşa Boye, Kinqsli Koman, Konrad Laymer və Matis De Lixt zədəlidirlər. Serj Qnabri, Camal Musiala və Leroy Sanenin isə görüşə kimi hazır olacağı bildirilir: “Çempionlar Liqasının mif komandası, “Real Madrid”ə qarşı oynamaq hər zaman çətindir. Nəzərə alaq ki, klubu Çempionlar Liqasının əfsanəsi, hamıdan çox qazanan Karlo Ançelotti çalışdırır. Nə qədər dahi məşqçi olsa da, bir o qeder də təvazökar və sadə insandır. Onun ən böyük uğuru futbolçularına qarşı atalıq hissi ilə yanaşmasıdır. Görüşə gəldikdə isə çox ciddi hazırlaşmışıq. Bir neçə taktiki iclasımız olub. Rəqibi hər tərəfli təhlil etmişik. Doğma arenadakı qarşılaşmada sərfəli nəticə qazanmq üçün çox diqqətli olmalıyıq”.
Qeyd  edək ki, bu gün saat 23:00-da başlanacaq “Bayern” Münxen – “Real Madrid” qarşılaşmasını fransalı Kleman Tyürpenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM