Bu gün "Etihad"da "Mançester Siti" ilə "Real Madrid" üz-üzə gələcək

17 Aprel, 10:15 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında ötən il ali mükafata yiyələnən “Mançester Siti” 1/4 finalın cavab oyununda “Real” Madrid”i qəbul edəcək. Xatırladaq ki, “Santyaqo Bernabeu”da gərgin keçən ilk görüş 3:3 hesabilə başa çatmışdı. Ötən mövsüm trebl edən “Mançester Siti” bu il də titulu qazanmağa əsas namizədlərdən hesab olunur. İngiltərə premyer liqasında lider olan Pep Qvardiolanın komandası milli çempionatda da ali mükafata iddialıdır. İspaniyalı mütəxəssis ardıcıl 2-ci mövsüm trebl etmək istədiklərini dilə gətirib: “Bəli, yenə bütün titullara yiyələnməyi çox istərdik. Düşünürəm ki, futbolçular da mənimlə eyni fikirdədilər. İngiltərə kubokunda finaldayıq. Çempionatda liderik və avrokubokda 1/4 finaldayıq. Deməli, tarixi uğuru təkrarlamaq üçün hər cür imkanımız var. İndi isə bütün diqqətimizi “Real”la oyuna yönəltmişik. Madrid klubunun gücü və Çempionlar Liqasına yanaşması barədə danışmaq artıq olardı. Onu deyə bilərəm ki, çətin işin öhdəsindən gəlmək üçün bütün güc-qüvvəmizi səfərbər edəcəyik.
“Real” Madridin baş məşqçisi Karlo Ançelotti rəqibin oyun keyfiyyəti haqda danışıb: “Bizi olduqca çətin 90, bəlkə də 120 dəqiqə gözləyir. ÖZ gücümüzə bələdik, futbolçuların hər birinə inanıram. Rəqib haqda danışsaq, Erlinq Holand son dövrlər tənqid olunsa da, hazırda dünyanın ən güclü hücumçularından biridir. Amma hamıya məlumdur ki, “Siti” yalnız 1 futbolçudan asılı komanda deyil. Pep Qvardiola istənilən şəraitdə saat kimi işləyən mexanizm yaradıb. Azarkeşləri daha bir maraqlı futbol tamaşası gözləyir. İnanıram ki, qalib gələrək yolumuza davam edəcəyik.
 Əlavə edək ki, “Real”ın heyətində Orelyen Çuameni sarı vərəqə limitini doldurduğuna görə, David Alaba ilə Tibo Kurtua isə zədəyə görə oyuna çıxmayacaq. “Real” Madrid – “Mançester Siti” qarşılaşmasını italiyalı referi Daniele Orsato idarə edəcək. Oyun bu gün Bakı vaxtilə 23:00-da başlanacaq.

CANLI YAYIM