"Arsenal" "Bayern"ə qarşı...

9 Aprel, 10:10 Sosial mediada paylaşın:
UEFA Çempionlar liqasında 1/4 finalın maraqla gözlənilən oyunlarından biri Londonda olacaq. İngiltərə premyer Liqasının lideri “Arsenal” “Emireyts”də “Bayern” Münxen”i qəbul edəcək. Almaniya bundesliqasında titul uğrunda mübarizəni demək olar ki, uduzan Münxen futbolçularının avrokuboklarda yoluna davam edib-etməyəcəyi böyük maraq doğurur. Tomas Tuxelin komandası ardıcıl 2 məğlubiyyətdən sonra milli çempionatda lider “Bayer”dən 16 xal geri düşdü. Almaniyalı mütəxəssis Leverkuzen klubunu ölkə çempionluğu münasibətilə təbrik edərək bir növ məğlubiyyətlə barışdığını ictimaiyyətlə bölüşdü. Mövsümün sonunda “Bayern”dən gedəcək Tomas Tuxel komandadakı gələcəyini müzakirə etməyin yersiz olduğunu dilə gətirib: Mövsümün son oyununa qədər yüksək səviyyədə çıxış etmək niyyətindəyik. Bəli, bundesliqada “Bayer”i təbrik etdim, amma avrokuboklarda 1/4 finaldayıq. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim gələcəyim barədə deyil, komandanın çıxışı haqda yazılar yazın. Çünki “Bayern”in “sükanı arxası”nda olduğum müddətdə mən və futbolçular əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. “Arsenal”la matçda da yüksək səviyyədə çıxış edib sərfəli nəticə qazanmaq arzusundayıq”.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta isə Çempionlar liqasının 1/4 finalında olmaqdan böyük məmnunluq hissi duyduğunu deyib: “Mövsümü əla keçiririk. Premyer liqanının lideri kimi avrokubokda 1/4 oyununa çıxmaq əla hissdir. Amma sözsüz ki, hələ görəcəyimiz çox işlər var. İnkişafı davam etdirmək mütləqdir. UEFA Çempionlar Liqasının ən uğurlu komandalarından biri ilə üz-üzə gələcəyik. Bu, bizim üçün yeni çağırışdır. İnanıram ki, öhdəsindən lazımınca gələcəyik”.
Qeyd edək ki, isveçli referi Qlen Nüberqin idarə edəcəyi “Arsenal” – “Bayern” Münxen oyunu Bakı vaxtilə gecə yarısı başlanacaq.

CANLI YAYIM